Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterlə kəşfiyyat xarakterli uçuşun qarşısını alıb.
“İyunun 4-ü saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib”, - Müdafiə Nazirliyindən məlumat verilir.
Məlumatda deyilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb.
MN-dən bildirilir ki, bundan başqa, saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində (Ermənistanla sərhəddə - İF) yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
MN-dən vurğulanır ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb. **
R.Əhmədov