Azərbaycan hökuməti 2023-cü ilin yekunları üzrə neft-qaz sektorunda ÜDM-in 1,5% azalacağını poqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, Azərbaycan hökuməti cari il üçün ÜDM proqnozuna yenidən baxıb.
“Yenilənmiş proqnozlara əsasən, cari ildə neft-qaz sektorunda ÜDM 1,5% azalacaq, ilkin artım proqnozu 0,4% təşkil edib. 2023-cü ilin yanvar-aprel aylarında neft-qaz sektorunda azalma 2,9% təşkil edib. 2022-ci ilin yekunları üzrə bu sektorda azalma 2,7% səviyyəsində olub”, - deyə Hesablama Palatasının 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsinə dair Rəyində qeyd olunur.
Palata vurğulayır ki, hökumətin yenilənmiş proqnozlarına əsasən, 2023-cü ildə neftin bir barelinin baza qiyməti $50-dən $60-a qədər artırılır. “Nəticədə ÜDM-in nominal həcmi üzrə proqnoz 5,6 milyard manatdan 111,6 milyard manata qədər artırılıb. 4,4 milyard manat neft-qaz sektorunda, daha 1,2 milyard manat isə qeyri-neft-qaz sektorunda formalaşacaq”, - deyə qurum qeyd edir.
Yenilənmiş proqnozlara əsasən, cari ildə Azərbaycanda ÜDM 1,8% (ilkin proqnoz – artım 2,7%), o cümlədən qeyri-neft-qaz sektorunda 4,9% (ilkin proqnoz – artım 4,5%) artacaq.
Hesablama Palatası hesab edir ki, 2023-cü ilin yekunları üzrə ÜDM-in faktiki nominal həcmi hökumətin proqnozlaşdırdığı göstəricidən yüksək olacaq.*
A.Əzizov