Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın sülh prosesinə sadiq olması ilə bağlı bəyanatının populist xarakterli olduğunu bildirib.
“30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır”, - deyə XİN-in şərhində bildirilir.
Ermənistan tərəfinin Üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsidir.
“Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir. Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə, Ermənistanın əleyhinədir”, - deyə XİN-in Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkəsinin İctimai Televiziyaya müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd olunur.*
R.Kərimov