Azərbaycan hökuməti 2023-cü ildə “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin səhmdarları tərəfindən dövlət büdcəsinə 3 milyard 235 milyon manat məbləğində mənfəət vergisinin ödəniləcəyini gözləyir.
“Hökumət 2023-cü ildə “Şahdəniz” səhmdarlarından Azərbaycanın dövlət büdcəsinə mənfəət vergisi daxilolmaları üzrə proqnozu yaxşılaşdırıb. Xüsusilə cari ildə “Şahdəniz” səhmdarlarından 3 milyard 235 milyon manat məbləğində mənfəət vergisinin daxil olacağı gözlənilir ki, bu da ilkin proqnozdan 360 milyon manat çoxdur”, - deyə Hesablama Palatasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Hesablama Palatasının Azərbaycanın 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsinə dair Rəyinə əsasən, ABƏŞ-in (“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsini həyata keçirir) səhmdarları tərəfindən mənfəət vergisi ödənişləri üzrə proqnoz da yaxşılaşdırılıb. “Neftin bir barelinin orta qiyməti $60 olmaqla səhmdarlar 767 milyon manat məbləğində mənfəət vergisi ödəyəcəklər ki, bu da neftin bir barelinin qiymətinin $50-dan hesablandığı ilkin proqnozdan 275 milyon manat çoxdur”, - deyə məlumatda qeyd olunur.
Beləliklə, Azərbaycan hökuməti 2023-cü ildə “Şahdəniz” və ABƏŞ səhmdarlarından 4 milyard 2 milyon manat (cari məzənnə ilə $2 milyard 354,1 milyon) məbləğində mənfəət vergisi gözləyir.
Xəbər verildiyi kimi, 2023-cü ilin I rübündə Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində “Şahdəniz” və AÇG yataqlarının işlənməsi ilə məşğul olan neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə 1 milyard 770,9 milyon manat mənfəət vergisi ödənilib. “Şahdəniz” layihəsinin iştirakçıları 1 milyard 545,7 milyon manat, AÇG layihəsinin iştirakçıları isə 225,2 milyon manat mənfəət vergisi ödəyib.
2022-ci ildə “Şahdəniz” və AÇG layihələrinin iştirakçıları dövlət büdcəsinə 5 milyard 393,904 milyon manat mənfəət vergisi ödəyib ki, bu da 2021-ci ilin göstəricisindən 5,2 dəfə çoxdur. “Şahdəniz” layihəsinin iştirakçıları mənfəət vergisi ödənişinə ilk dəfə 2022-ci ildə başlayıb.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (6,67%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
A.Əzizov