Azərbaycan hökuməti 2023-cü ildə Özbəkistan və Qırğızıstanla yaradılan birgə investisiya fondlarında nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 212,5 milyon manat ($125 milyon) ayıracaq.
“Bu məqsədlər üçün 212,5 milyon manat məbləğində vəsait Azərbaycanın 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsində nəzərdə tutulub”, - deyə hökumətdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
2023-cü il fevralın 24-də Azərbaycan və Özbəkistan arasında birgə İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb. Fondun nizamnamə kapitalının yuxarı həddi $500 milyon təşkil edəcək. Fondun kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı 25% olacaq. İnvestisiya Fondunun əsas vəzifəsi birgə layihələrin, o cümlədən üçüncü ölkələrdəki layihələrin maliyyələşdirilməsidir.
2022-ci il oktyabrın 11-də Bakı ilə Bişkek arasında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında saziş imzalanıb.
Birgə İnvestisiya Fondunun nizamnamə kapitalı $25 milyon təşkil edəcək, mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək. Fond Qırğızıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və inkişafına, imkanlardan səmərəli istifadə olunmasına kömək məqsədilə yaradılır. Fond ölkədə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kredit və borc vermək, kapitalda iştirak etmək və digər maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda təsisçilər üçün prioritet layihələrə investisiyalar yatıracaq. İnvestisiya qoyuluşu üçün prioritet sahələr bunlardır: aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, qaz sənayesi, tikiş və tekstil sənayesi, dağ-mədən və metallurgiya sənayesi və s.*
A.Əzizov