2023-cü ilin I rübündə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 907 milyon 652,3 min manat (cari məzənnə ilə $534 milyon) təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 267 milyon 400,4 min manat ($157,3 milyon) gəlir əldə edilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə gəlirlərin həcmi 13,6% azalıb.
I rübdə magistral neft kəmərləri şəbəkəsində itkilərin həcmi 0,7 min ton (2022-ci ilin müvafiq dövründə 0,6 min ton) təşkil edib.
2023-cü ilin yanvar-mart aylarında Cənubi Qafqaz boru kəməri magistralı (Bakı-Tbilisi-Ərzurum) daxil olmaqla magistral qaz kəmərlərinin fəaliyyətindən 640 milyon 251,9 min manat məbləğində gəlir ($376,6 milyon) əldə edilib. Ötən ilin I rübü ilə müqayisədə artım 12,3% olub.
Cari ilin I rübünün yekunları üzrə magistral qaz kəmərləri şəbəkəsində itkilərin həcmi 16,2 milyon kubmetr (2022-ci ilin müvafiq dövründə 13,1 milyon kubmetr) təşkil edib. Artım 23,7% olub.
2023-cü ilin yanvar-mart aylarında magistral neft kəmərləri ilə 9 milyon 500,8 min ton neft (artım 9,9%), qaz kəmərləri ilə 10 milyard 996,7 milyon kubmetr qaz (artım 2,1%) nəql edilib. Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 76,3% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 50,1% Cənubi Qafqaz boru kəmərinin payına düşüb.
2022-ci ildə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 3 milyard 567 milyon 157 min manat (artım 17%) təşkil edib. Magistral neft kəmərlərinin fəaliyyətindən 1 milyard 238 milyon 913,7 min manat (artım 3,4%), magistral qaz kəmərlərinin fəaliyyətindən 2 milyard 328 milyon 243,1 min manat (artım 25,7%) gəlir əldə edilib.*
N.Abbasova