2023-cü ilin birinci rübündə Azərbaycanda dəniz nəqliyyatı ilə yük sərnişin daşımalarəndan gəlirlər 63 milyon 950,4 min manat (cari məzənnə ilə $38 milyona yaxın – İF) təşkil edib, bu da ötən ilin yamvar-mart aylarının göstəricisindən 49,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəniz nəqliyyatı ilə yükdaşımalardan 62 milyon 907,5 min manat (artım 50,9%) gəlir əldə edilib. Gəlirlərin bütün həcmi beynəlxalq yükdaşımaların payına düşüb.
Dəniz nəqliyyatı ilə sərnişin daşımalarından 1 milyon 42,9 min manat məbləğində gəlir (azalma 7,5%) əldə edilib.
Statistik məlumatlara əsasən, 2023-cü ilin yanvar-mart aylarında dəniz ilə yükdaşımaların həcmi 1 milyon 824,3 min ton (artım 28%), sərnişin daşımalarının həcmi – 4,7 min nəfər (artım 80,8%) təşkil edib.
Yükdaşımaların strukturunda 1 milyon 28,2 min ton neft və neft məhsullarının (artım 62,9%), 796,1 min ton digər yüklərin (artım 0,2%) payına düşüb.
Xəbər verildiyi kimi, 2022-ci ildə dəniz nəqliyyatı ilə yük daşımalarından 242 milyon 633,6 min manat (artım 38,2%), sərnişin daşımalarından 6 milyon 179,3 min manat (artım 2,1 dəfə) gəlir əldə edilib. Qeyd olunan dövrdə yükdaşımaların strukturunda 3 milyon 286,5 min ton neft və neft məhsullarının (artım 73,1%), 4 milyon 232,7 min ton (artım 18,6%) digər yüklərin payına düşüb.**
N.Abbasova