Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan liderinin saytındakı məlumata görə, bina Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçısına məlumat verdi ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və 2023-cü ilin iyun ayında başa çatdırılıb.
Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var.
Ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.
Bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.**
R.Kərimov