Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 6 iyun 2023-cü il tarixində Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.
Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
Bayramov Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib.
Şallenberq Avstriyanın Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün siyasi məsləhətləşmələrin əhəmiyyətli platformalardan biri olduğunu bildirib. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərin Avstriya tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.