İyunun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Macarıstan Respublikasının müdafiə naziri Kristof Szalay-Bobrovnicski Bakı ilə Budapeşt arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
“Görüşdə Azərbaycan ilə Macarıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Regiondakı hərbi-siyasi vəziyyət, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb”, - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Həsənov macarıstanlı həmkarını azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri, Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb.
K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.
Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.*
R.Kərimov