“Azəristiliktəchizat” ASC 2022-ci ildə istilik enerjisinin satışından 13 milyon 252,5 min manat gəlir əldə edib ki, bu da 2021-ci ilin göstəricisindən 0,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il cəmiyyətin gəlirlərinin ümumi həcmində 5 milyon 42,3 min manat (azalma 11,6%) əhaliyə istilik enerjisinin satışından daxilolmaların payına düşüb.
2022-ci ildə cəmiyyətin istismar xərcləri 69 milyon 125,1 min manat (azalma 0,9%), əmək haqqı xərcləri 18 milyon 931,1 min manat (artım 20,1%) təşkil edib.
2022-ci ildə istehlakçılara 1 milyon 727,4 min Gkal (azalma 4%), o cümlədən əhaliyə 1 milyon 169,8 min Gkal (azalma 6,3%), kommunal-məişət ehtiyacları üçün 557,6 min Gkal (artım 1,2%) istilik enerjisi satılıb.
Ötən il istilik enerjisi itkisi 215,3 min Gkal (artım 9,5%) təşkil edib.
2022-ci ilin sonuna olan vəziyyətə görə, “Azəristiliktəchizat”ın balansında olan qazanxanaların sayı 1202 (2021-ci ilin sonuna olan göstəricidən 0,4% çox) olub. Qazanxanaların ümumi gücü 2 min 729,1 Gkal/saat təşkil edir. 1142 qazanxana təbii qazla, 60 qazanxana isə maye qazla işləyir.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.*
N.Abbasova