Avropa İttifaqı (Aİ) iyulun 21-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündə irəliləyişin əldə olunmasının vacibliyini bildirir.
“Danışıqlar və dialoq Azərbaycanla Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmaq üçün yeganə yoldur. Nəticə etibarilə, dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir. Biz Bakının 21 iyulda Aİ-nin vasitəçiliyi ilə keçiriləcək növbəti görüşdə iştirakını təqdir edirik. Burada daha da irəliləyiş əldə olunmalıdır”, - deyə Aİ-nin bəyanatında bildirilir.
Avropa İttifaqı mayın 14-də Brüsseldə Aİ-nin rəhbərlik etdiyi sülh danışıqlarına Azərbaycan və Ermənistanın yenidən cəlb olunmasını alqışlayır. Danışıqlar zamanı hər iki tərəf bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləyib.
“İyunun 1-də Kişineuda Fransa və Almaniya liderlərinin də iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi”, - deyə bəyanatda qeyd olunur.
Xəbər verildiyi kimi, iyulun 21-də Brüsseldə Azərbaycan, Ermənistan və Aİ liderlərinin üçtərəfli görüşü gözlənilir.*
R.Kərimov