İyunun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin baş naziri Lüdovit Odor ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə Azərbaycan və Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
“Bayramov iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Bu istiqamətdə əlaqələrin daha da inkişafı istiqamətində Azərbaycan və Slovakiya arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və səfər çərçivəsində imzalanmış sazişin əhəmiyyəti qeyd olunub”, - deyə məlumatda bildirilir.
Odor Slovakiyanın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə