Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü məlumat verib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iki dövlətin sərhədində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
“İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində (Azərbaycan-Ermənistan sərhədi- İF) yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
Əlavə olunub ki, iyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki (Qarabağ rayonu - İF) qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
MN-dən məlumat verilir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə “adekvat cavab tədbirlərigörülüb”.
Bundan başqa, vurğulanıb ki, “qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”.
“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, - MN-dən bəyan ediblər. **
R.Kərimov