2023-cü ilin birinci rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $427,2 milyon təşkil edib ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 34,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Turizm xidmətlərinin idxalı $215,9 milyon, ixracı - $211,3 milyon təşkil edib. Beləliklə, turizm xidmətləri balansının kəsiri $4,6 milyon olub”, - AMB-dən 2023-cü ilin yanvar-mart ayları il üzrə tədiyə balansına istinadən qeyd ediblər.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $215,9 milyon məbləğində turizm xidmətləri göstərilib. “Bu məbləğin 62%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - AMB-dən bildirilir.
Ümumilikdə, 2023-cü ilin yanvar-mart aylarında xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 20,3%, ölkəyə turist axını 1,5 dəfə artıb.
2022-ci ildə turizm xidmətərində balansın kəsiri $69,4 milyon təşkil edib. **
R.Əhmədov