2023-cü ilin I rübündə Azərbaycan rezidentlərinin birbaşa xarici investisiyaları $289,896 milyon təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 37,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
I rübdə Niderland Azərbaycan rezidentlərinin birbaşa investisiya yatırdığı xarici ölkələr arasında birinci yerə çıxıb ($96,08 milyon və ya qeyd olunan dövrdə bütün birbaşa xarici investisiyaların 33,1%-i). 2022-ci ilin yanvar-mart aylarında Niderland iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu həyata keçirilməyib.
Azərbaycan rezidentlərinin birbaşa xarici investisiya yatırdığı ölkələrin TOP-beşliyinə BƏƏ ($22,511 milyon, azalma 2,1 dəfə), Türkiyə ($19,435 milyon, azalma 14,5%), Belçika ($18,965 milyon, 2022-ci ilin I rübündə birbaşa xarici investisiya qoyuluşu həyata keçirilməyib) və Gürcüstan ($13,468 milyon, artım 1,5 dəfə) da daxildir.
2023-cü ilin yanvar-mart aylarında Azərbaycan rezidentləri RF-yə birbaşa xarici investisiya qoyuluşunu 6,4 dəfə - $8,164 milyonadək və ya xaricə bütün investisiyaların 2,8%-i səviyyəsində (2022-ci ilin yanvar-mart aylarında 0,6%) artırıb.
2022-ci ildə Azərbaycan rezidentlərinin birbaşa xarici investisiyalarının həcmi $1 milyard 152,617 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 39,6% çoxdur.*
A.Əzizov