İtaliyanın “Leonardo” konserni Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) üçün C-27J nəqliyyat təyyarələrinin tədarükü haqqında müqavilənin bağlanması barədə məlumat yayıb.
“İtaliya ilə Azərbaycan arasında kommersiya əməkdaşlığı C-27J Spartan təyyarələrinin tədarükü haqqında müqavilənin imzalanması ilə möhkəmlənib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi konsernin məlumatına istinadən xəbər verir.
Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirlərinin nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub.
“İlkin olaraq enerji sektoru ilə əlaqəli olan İtaliya-Azərbaycan əməkdaşlığı İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun verdiyi dəyərli töhfə sayəsində indi müdafiə sənayesi məhsullarının tədarükü istiqamətində də genişlənir. Bu müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının tərkib hissəsidir”, - deyə məlumatda bildirilib.
C-27J Spartan təyyarələri geniş çeşidli müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirməyə qadirdir. Bu təyyarələr müxtəlif tapşırıqların yerinə yetirilməsi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardımın göstərilməsi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hesab olunur.*
R.Kərimov