Gəncə Avtomobil Zavodu və İtaliyanın “SDF Group”u arasında uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi “Gəncə Avtomobil Zavodu” İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “SDF Group”un kommersiya direktoru Alessandro Maritano imzalayıblar. İmzalama mərasimi Fətiyevin İtaliyaya səfəri çərçivəsində “SDF Group”un ofisində baş tutub.
Zavodun mətbuat xidmətindən verilən məlumata görə, müqavilə Gəncə Avtomobil Zavoduna burada yığılan texnikaları Azərbaycan bazarı ilə yanaşı, üçüncü ölkələrə də satmaq hüququ verəcək.
Xəbər verildiyi kimi, 2023-cü il mayın 15-də Gəncədə SDF və Gəncə Avtomobil Zavodu arasında alman modelləri olan DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin Azərbaycanda yığılması haqqında əməkdaşlıq sazişi imzalanıb.
““SDF Group”un müxtəlif modifikasiyalarda olan DEUTZ-FAHR traktorları da hesab edirəm ki, müəssisəmizdə çox yüksək səviyyədə yığılacaq və Azərbaycan bazarında böyük marağa səbəb olacaq. Hələlik ilkin mərhələdə 3 modelin yığılması nəzərdə tutulur. Lakin gələcəkdə bazarın tələbinə uyğun olaraq DEUTZ-FAHR-ın müxtəlif model traktorlarını da yığmağı planlaşdırırıq”, - deyə Fətiyev bildirib.
1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü 30 min ədəd ortatonnajlı avtomobil istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cu ilin sonlarına qədər başa çatmalı idi. Lakin SSRİ-nin dağılması nəticəsində zavodun tikintisi dayandırılıb. Zavod 2004-cü ilin dekabrında işə düşüb.
2007-ci ildən bəri müəssisədə 15 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktorlar və digər kənd təsərrüfatı texnikaları yığılaraq təhvil verilib. Bu müddətdə zavodda 5000-dən yuxarı müxtəlif markalı və müxtəlif modeldə yük avtomobilləri yığılıb.*
N.Abbasova