İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədrləri bu ilin sentyabr-oktyabr aylarında onlayn formatda görüşün keçirilməsini razılaşdırıblar. Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
“Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov Qazaxıstan baş nazirinin müavini - ticarət və inteqrasiya naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Serik Jumanqarin ilə görüşüb. Görüşdə əməkdaşlıq prioritetləri üzrə qarşılıqlı fəaliyyətdən irəli gələn məsələlərin birgə dəyərləndirilməsi və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində bu ilin sentyabr-oktyabr aylarında onlayn formatda görüşün keçirilməsi razılaşdırılıb”, - deyə məlumatda bildirilir.
Söhbət zamanı ixrac-idxal potensialından geniş istifadə, nəqliyyat-logistika imkanlarının artırılması, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin birgə investisiya perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ilə əlaqədar imkanlar nəzərdən keçirilib.
İki ölkə arasında ticarət dövriyyəsində hazırda müşahidə olunan artım dinamikası ticari-iqtisadi əlaqələrin inkişaf göstəricisi kimi dəyərləndirilib.*
N.Abbasova