Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməyə davam edəcək. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı bütün məsələlərin həllinə, o cümlədən, əlbəttə ki, sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişin əldə olunmasına kömək etmək üçün üçtərəfli bəyanatlara tam uyğun olaraq öz səylərini davam etdirəcək”, - deyə o, “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Qaluzun Bakı ilə İrəvanın sülh müqaviləsinin mətnini birbaşa müzakirə etməsini təbii və məntiqi proses adlandırıb və qeyd edib ki, “liderlərin - Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunmuş üçtərəfli razılaşmalar Ermənistan-Azərbaycan nizamlanmasının alternativi olmayan yol xəritəsi olaraq qalır”.
ABŞ-ın Qafqazdakı siyasəti ilə bağlı suala cavab verən Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Vaşinqton “hər yerdə eyni nəticəyə nail olmağa: bir tərəfdən Rusiyanı sıxışdırıb çıxarmağa, digər tərəfdən isə Rusiyanın tərəfdaşı və müttəfiqi olan müstəqil dövlətləri bu cür neokolonial üslubda özünə tabe etməyə, dostlarımız və qonşularımızla tərəfdaşlığımıza və müttəfiqliyimizə mane olmağa çalışır.”
Qaluzin əlavə edib ki, Rusiya digər ölkələrin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməsinə qarşı deyil, “lakin bunun sözdə deyil, əməldə və Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri fundamental razılaşmalara uyğun olması şərtilə.*
R.Kərimov