“S&P” beynəlxalq reytinq agentliyi iyunun 9-da Azərbaycanın reytinqinə yenidən baxılmasının yekunları üzrə ölkə proqnozunu “Sabit”dən “Müsbət”ə yüksəldəcək. “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Biz “Fitch” agentliyindən sonra “S&P” agentliyinin cümə gününə planlaşdırılan reytinqə yenidən baxılmasının yekunları üzrə Azərbaycanın reytinq proqnozunu “Sabit”dən “Müsbət”ə yüksəldəcəyini istisna etmirik”, - deyə “Qazprombank”ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, onun fikrincə, Azərbaycanın reytinq proqnozunun 4 amil hesabına yaxşılaşdırılması mümkündür.
Birincisi, Dövlət Neft Fondunun aktivlərinin artması sayəsində xarici likvid mövqeyin gücləndirilməsi; ikincisi, iqtisadiyyatın dollarlaşmasının ardıcıl surətdə azalması; üçüncüsü, iqtisadiyyatın şaxələndirilməsi; dördüncüsü, büdcə göstəricilərinin yaxşılaşması.
“Hesab edirik ki, “S&P” agentliyi tərəfindən Azərbaycanın reytinq proqnozunun mümkün yaxşılaşdırılması ölkənin avroistiqrazları üçün müsbət olacaq və onların cəlbediciliyini artıracaq”, - deyə Xaydarşina vurğulayıb.
“S&P” 2022-ci ilin dekabr ayında reytinqə yenidən baxılmasının nəticələrinə əsasən Azərbaycanın reytinqini “Sabit” proqnozla “BB+” səviyyəsində təsdiqləyib. Daha əvvəl “S&P” qeyd edib ki, “Sabit” proqnoz yüksək karbohidrogen qiymətlərinin Azərbaycan iqtisadiyyatına müsbət təsirinin davam etdiyini əks etdirir. Bununla yanaşı, agentlik karbohidrogenlərin yüksək qiymətləri sayəsində 2022-2023-cü illərdə ikirəqəmli profisitin (tədiyə balansının) saxlanılacağını gözləyirdi. Agentlik, həmçinin bildirib ki, neft yataqlarının köhnəlməsi neft hasilatının azalmasına səbəb olacaq və qaz ixracının artması ilə tam kompensasiya edilə bilməz. Bu risklər qismən Azərbaycanın suveren fondunun bazasında yığılmış xarici likvidlik buferləri ilə kompensasiya olunur.
Xaydarşina qeyd edib ki, karbohidrogenlərin yüksək qiymətləri sayəsində Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2023-cü ilin birinci rübündə 18% artaraq $53,4 milyard məbləğində tarixi göstəriciyə çatıb.
Onun fikrincə, Azərbaycan MDB məkanında ən yüksək beynəlxalq ehtiyatlara malik ölkələrdən biri olaraq qalır: birinci rübün nəticələrinə görə, ölkənin strateji valyuta ehtiyatları $62,6 milyard təşkil edib. Bu göstərici ÜDM-in 80%-nə yaxınlaşır və 46,9 aylıq idxalın maliyyələşdirilməsini təmin edir.*
A.Əzizov