İyunun 7-8-də Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
“Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı beynəlxalq səylərin səmərəliliyi ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.
Müzakirələr zamanı Ermənistanın sülh prosesinə yanaşmalarında ziddiyyətli mövqeləri, o cümlədən bəzi hallarda sülh prosesini pozan addımları barəsində, eləcə də üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı Almaniya tərəfinə geniş məlumat verilib.
Bununla yanaşı, Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz torpaqlarına qayıtması istiqamətində reallaşdırılan layihələr, Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial məkanına reinteqrasiyası ilə bağlı atılan real addımlar Almaniya tərəfinin diqqətinə çatdırılıb.*
R.Kərimov