“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “Sabit” proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə “S&P”nin məlumatında deyilir.
“Bizim proqnozlarımıza görə, 2023-2026-cı illər ərzində əlverişli neft qiymətləri sayəsində Azərbaycanın tədiyə balansının profisiti ikirəqəmli olacaq. Bununla yanaşı, ölkənin əsas neft yataqları köhnəlir, hasilatda isə azalma tendensiyası müşahidə olunur və bu da çətin ki, qaz ixracı ilə tam kompensasiya olunsun. Azərbaycan Respublikası Dövlət Neft Fondunun əhəmiyyətli likvid aktivləri bu riskləri qismən aradan qaldırır”, - deyə agentlik qeyd edir.
“S&P” müsbət məqamlara Azərbaycan və Ermənistanın sülh sazişi imzalamağa yaxın olmasını da aid edir.
“Sabit” proqnoz neft hasilatının proqnozlaşdırılan ortamüddətli azalmasına baxmayaraq, əlverişli karbohidrogen qiymətlərinin gələn il Azərbaycanın maliyyə mövqeyini və tədiyə balansını dəstəkləyəcəyi ilə bağlı agentliyin gözləntilərini əks etdirir.
“S&P”də qeyd ediblər ki, Azərbaycanın maliyyə saldosu ortamüddətli perspektivdə gözlənildiyindən daha pis olarsa, ölkənin reytinqləri aşağı salına bilər. “Bu, məsələn, neft yataqlarının köhnəlməsinin neft hasilatının gözlədiyimizdən daha sürətlə azalmasına səbəb olduğu üçün baş verə bilər. Karbohidrogen gəlirlərinin azalması Azərbaycanın daha geniş iqtisadi perspektivlərinə də təsir edə bilər, çünki əhalinin hər nəfərinə düşən real ÜDM-in artımı analoji iqtisadi inkişaf səviyyəsinə malik müqayisəli ölkələrdən daha az olacaq. Qarabağ münaqişəsinin yenidən başlayacağı təqdirdə də biz reytinqləri aşağı sala bilərdik”, - deyə agentlik vurğulayır.
Tədiyə balansının yüksək profisiti agentliyin ehtimal etdiyindən daha uzunmüddətli olarsa (nəticədə ölkənin xarici aktivləri artacaq), eləcə də hökumət bəzi struktur maneələri aradan qaldırmaq üçün islahatları davam etdirərsə, Azərbaycanın reytinqləri yüksəldilə bilər.
Azərbaycan Dövlət Neft Fondunda yığılmış əhəmiyyətli likvid aktivlər iqtisadiyyata əlavə dayanıqlılıq verir. “S&P”nin proqnozlarına görə, 2026-cı ilədək likvid aktivlər ÜDM-in 55%-ni təşkil edəcək, dövlət borcu isə 2022-ci ilin sonuna olan ÜDM-in 19%-dən 2026-cı ilə qədər ÜDM-in 17%-dək azalacaq. Mövcud güclü ehtiyat mövqelərinə əlavə olaraq, əlverişli neft qiymətləri də Azərbaycanın büdcəsinin və tədiyə balansının icrasına dəstək verməlidir.
“Bununla belə, Azərbaycan iqtisadiyyatı ölkənin nominal ÜDM-in təxminən 50%-ni təşkil edən neft-qaz sektorunda cəmlənib. Nəticə etibarilə, Azərbaycan karbohidrogenlərin qiymətində baş verə biləcək hər hansı əlverişsiz dəyişikliklərə qarşı həssas olaraq qalır. Azərbaycanla bağlı reytinqlərimizə əvvəlki kimi institusional effektivliyin zəifliyi və pul-kredit siyasətinin məhdud çevikliyi mənfi təsir göstərir”, - deyə agentlik qeyd edir.*
R.Əhmədov