“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda ÜDM-in artmayacağını, 2024-2026-cı illərdə isə orta illik iqtisadi artım tempinin 1,4% təşkil edəcəyini proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “S&P”nin məlumatına istinadən xəbər verir.
Agentlik 2023-cü ildə Azərbaycanda ÜDM-in nominal həcmini $77 milyard (2022-ci ildə $79 milyard), 2024-cü ildə $81 milyard, 2025-ci ildə $84 milyard, 2026-cı ildə $87 milyard məbləğində proqnozlaşdırır.
“S&P” 2023-cü ildə Azərbaycanda inflyasiyanın 12% (2022-ci ildə 13,9%) təşkil edəcəyini, 2024-cü ildə 6%-ə, 2025-ci ildə 5%-ə, 2026-cı ildə isə 3,5%-ə enəcəyini gözləyir.
Agentliyin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 17,8%-ni (2022-ci ildə ÜDM-in 29,8%-ni), 2024-cü ildə 15,6%-ni, 2025-ci ildə 14,4%-ni, 2026-cı ildə isə 13,3%-ni təşkil edəcək.
“S&P” 2023-cü ildə “Brent” markalı neftin bir barelinin orta qiymətinin $86, növbəti illərdə isə $85 təşkil edəcəyini proqnozlaşdırır.
Agentlik 2023-cü ildə Azərbaycanın xarici ticarət balansının profisini ÜDM-in 27%-i (2022-ci ildə ÜDM-in 34,8%-i), 2024-cü ildə 24,9%-i, 2025-ci ildə 23,6%-i, 2026-cı ildə 22,5%-i səviyyəsində gözləyir.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in artımını 1,8%, inflyasiyanı 10,4% səviyyəsində proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb.*
R.Əhmədov