Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko Bakı və Minsk arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub mübadiləsi həyata keçiriblər. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
“Bu əlamətdar gündə son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini bir daha qeyd etmək istərdim. Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur. Əminəm ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcək, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəkdir”, - deyə Əliyev bildirib.
Öz növbəsində, Lukaşenko Əliyevin bilavasitə dəstəyi ilə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd edib.
“Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir”, - deyə Belarus lideri bildirib.*
V.Əliyev