Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarına nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi barədə razılıq əldə olunmayıb. Bu barədə “Armenpress”ə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.
“Üçtərəfli işçi qrupun (Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində - İF) müzakirələri zamanı, o cümlədən iyunun 2-də Moskvada baş tutmuş görüşdə belə bir razılıq əldə olunmayıb. Ermənistanın mövqeyi bundan ibarətdir ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmuş yollar qarşılıqlılıq prinsipi əsasında tərəflərin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir”, - deyə məlumatda qeyd olunub.
İyunun 4-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İrəvan gələcəkdə Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələri bərpa olunduqdan sonra nəqliyyat kommunikasiyalarına nəzarətin Rusiya FTX-nin sərhəd xidməti tərəfindən həyata keçirilməsindən imtina edib.*