Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə Moskva arasında münasibətlərin inkşafına əminlik ifadə edir.
“Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik”, - Əliyevin RF prezidenti Vladimir Putinə 12 iyun - Rusiya Günü münasibətilə ünvanladığı təbrikdə deyilir.
Sənəd bazar ertəsi Azərbaycanın dövlət başçısının saytında dərc olunub.
Əliyev təbrik məktubunda qeyd edib ki, “Azərbaycanı və Rusiyanı xalqlarımız arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri bağlayır».
“Bu gün bizim dövlətlərarası əlaqələrimiz, gündən-günə yeni sahələri əhatə edən sıx və etibarlı tərəfdaşlıq münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir”, - dövlət başçısı bildirib.
“Böyük məmnuniyyətlə Azərbaycan-Rusiya əlaqələrinin ruhunu və xarakterini əks etdirən, gələcək illər üçün çoxplanlı qarşılıqlı fəaliyyəti müəyyənləşdirən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni qeyd etmək istərdim”, - Əliyev yazıb. **
R.Kərimov