2023-cü ilin mayın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8% artaraq 913,9 manat olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2023-cü il tarixinə ölkədə orta aylıq nominal əməkhaqqı 839,4 manat ($493,8), fevralın 1-nə 856,2 manat, martın 1-nə 854,5 manat, aprelin 1-nə 901,3 manat ($530,2) təşkil edib.
2023-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 min nəfər və ya 1,9% artaraq 1 milyon 734,2 min nəfər (2023-cü il aprelin 1-nə 1 milyon 736,3 min nəfər) olub, onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
X.Nəsirzadə