2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 769,5 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 11 milyard 956 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 2,2%), 8 milyard 813,5 milyon manatlıq qeyri-ərzaq malları (artım 4,1%) satılıb.
2023-cü ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,9%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,4%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,4%, fərdi sahibkarlar üzrə 3,6%, bazar və yarmarkalarda 4% artıb.
Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla ayda 235,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 173,9 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.**
N.Abbasova