Azərbaycan Xarici Işlər Nazirliyinin spikeri Ayxan Hacızadə Tehranın hansı şərti yerinə yetirəcəyi halda Bakının İrandakı səfirliyin fəaliyyətinin bərpası məsələsinə baxa biləcəyini açıqlayıb.
“Son zamanlar, Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri (Azərbaycanın və İranın – red.) arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı (İranda - İF) istintaqın başa çatdırılacağını gözləyir”, - Hacızadənin bəyanatında deyilir.
Onun sözlərinə görə, terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır.
“Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir”, - o əlavə edib.
Azərbaycanın İrandakı səfirliyi 2023-cü il yanvarın sonunda fəaliyyətini dayandırıb. **
R.Əhmədov