Azərbaycan 2023-cü ilin yanvar-may aylarında qaz ixracını 9,6% - 10,3 milyard kubmetrə qədər artırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, 2023-cü ilin yanvar-may aylarında Avropaya 4,8 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 46%-ni təşkil edir.
Türkiyəyə 4,3 milyard kubmetr (bütün ixracın 42%-i), Gürcüstana isə 1,2 milyard kubmetr qaz (bütün ixracın 12%-i) ixrac olunub. Hesabat dövründə TANAP Türkiyəni 2,4 milyard kubmetr qazla təchiz edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.*
N.Abbasova