2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 49 milyard 580,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5% azalıb, qeyri neft-qaz sektorunda isə 4% artıb.
ÜDM istehsalının 45,5%-i sənaye, 9,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 4,5%-i tikinti, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,9%-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,5%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4 min 890,6 manata bərabər olub.
Yenilənmiş proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,8%, o cümlədən qeyri-neft sektorunda artım 4,9%, neft sektorunda azalma 1,5% səviyyəsində gözlənilir.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6%, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.*
A.Əzizov