2023-cü ilin yanvar-may aylarında əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2% artıb.
İstifadə olunmuş vəsaitin 3 milyard 432,5 milyon manatı və ya 58,6%-i məhsul istehsalı sahələrinə, 2 milyard 97,8 milyon manatı (35,8%-i) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-may aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 543,7 milyon manatını (bütün investisiyaların 26,4%-ni) xarici, 4 milyard 314,5 milyon manatını (bütün investisiyaların 73,6%-ni) daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 124,3 milyon manatı və ya 70,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 5,5% artıb.*
N.Abbasova