Bakı və Ankara Azərbaycandan Türkiyəyə qaz ixracının artırılması ilə bağlı razılığa gəlib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
“Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var”, - deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlıq təbii qaz məsələsi ilə məhdudlaşmır.
“Bu gün bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu gün Azərbaycan və Türkiyə həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edir”, - deyə Əliyev qeyd edib.
Öz növbəsində, Ərdoğan bildirib ki, iki ölkə arasında enerji sahəsində istər TANAP, istərsə də TAP ilə bağlı illərdən bəri görülən işlər var.
“Bu işlərin təfərrüatlarını da nazirlərimiz öz aralarında müzakirə etdilər. Həmçinin bununla bağlı bundan sonrakı dövrdə görəcəyimiz işlər müzakirə olundu. Avropa enerji sahəsində, xüsusilə Türkiyə vasitəsilə alacağı qaz məsələsində çox narahatdır. Buna görə davamlı xahişlər edirlər. Bu məsələ ilə əlaqədar biz üzərimizə düşən işi görürük və bundan sonra da həyata keçirməkdə davam edəcəyik”, - deyə Türkiyənin dövlət başçısı qeyd edib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.
N.Abbasova