2023-cü ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 12 milyon 434,6 min ton neft nəql edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 76,5%-i BTC ilə daşınıb.
Bu dövrdə BTC ilə 626,7 min ton tranzit nefti (azalma 21,8%) nəql edilib.
Cari ilin yanvar-may aylarında BTC kəməri ilə nəql edilmiş neftin 84,3%-ni və ya 10 milyon 486,1 min tonunu (artım 7,3% - İF) Azərbaycanda hasil edilən neft, 15,7%-ni və ya 1 milyon 948,5 min tonunu (azalma 3,1% - İF) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
2022-ci ildə BTC ilə 29 milyon 749,6 min ton neft (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit nefti (artım 41,8%) nəql edilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir.*
N.Abbasova