Maliyyə Nazirliyi “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın reytinqi üzrə proqnozun “sabit”dən “müsbət”ə dəyişdirilməməsi ilə bağlı qərarını təəccüblə qarşılayıb.
Nazirliyin məlumatında deyilir ki, “S&P” iyunun 9-da Azərbaycanın milli və xarici valyutalarda uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “sabit” proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib.
Nazirlikdən bildirilib ki, “S&P” ölkənin kredit reytinqinin müəyyən edilməsi zamanı bir sıra müsbət nailiyyətlərin əldə olunduğunu qeyd edib. Bu nailiyyətlərdən biri kimi neft hasilatının qismən azalmasına baxmayaraq, növbəti illər ərzində neft-qaz qiymətlərinin Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcəyi göstərilib. Bununla yanaşı, hesabatda Azərbaycan Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının artdığı, habelə eyni suveren reytinqə malik olan ölkələrlə müqayisədə ölkəmizin aşağı səviyyədə olan xarici dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli perspektivdə daha da azalacağı göstərilməklə, Azərbaycanın yüksək xarici valyuta ehtiyat mövqeyinin suveren reytinq üçün əsas dəstəkçi olduğu qeyd edilib.
Reytinq agentliyinin hesabatında, həmçinin Azərbaycanın qeyri-neft sektorunun 2022-ci ildə 9% artdığı və bu artımın növbəti illərdə də davam edəcəyi bildirilib. Qeyd edilənlərlə yanaşı, hesabatda Azərbaycanla Ermənistan arasında olan uzunmüddətli münaqişənin 2020-ci ildə başa çataraq ölkəmizin səyləri nəticəsində tərəflərin sülh müqaviləsinin bağlanmasına yaxınlaşması müsbət hal kimi vurğulanır.
Bu fonda Maliyyə Nazirliyi “S&P”nin dərc etdiyi hesabatda ölkənin reytinqi üzrə proqnoz göstəricinin belə “sabit”dən “müsbət”ə dəyişdirilməməsini böyük təəccüblə qarşılayır və agentlik tərəfindən ölkəmizin reytinqlərinə xəsislik nümayiş etdirildiyi fikrindədir.*
A.Əzizov