Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyi tələb edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in ölkəmizin əleyhinə bəyanatına dair şərhində bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə zidd olaraq, suveren ərazimiz olan Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsini təşviq etməsi, daxili işlərimizə qarışması, bu ölkənin beynəlxalq öhdəliklərinə heç bir önəm vermədiyini bir daha nümayiş etdirir.
Bakıda hesab edirlər ki, hazırda Ermənistan tərəfinin postmünaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Bununla yanaşı, beynəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmayaraq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir.
“Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azərbaycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır. Sülh yaradılması səylərinə maneçilik törədilməsi, saxta və yalançı bəyanatlar verilməsi əvəzinə, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə əməldə riayət etməsi tələb olunur”, - deyə Azərbaycan XİN-in şərhində vurğulanıb.*
Xəbərlər şöbəsi