Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının keçmiş sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar bu ölkənin Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu ünvanlayıb.
“İtaliya Respublikası Nazirlər Şurasının keçmiş sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində böyük töhfəsi var idi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş başsağlığı məktubunda bildirib.
Silvio Berluskoni 87 yaşında Milanda müalicə olunduğu San Raffaele hospitalında vəfat edib. O, ötən cümə günü xəstəxanaya yerləşdirilmişdi.
Silvio Berluskoni dörd dəfə - 1994-1995, 2001-2005, 2005-2006 və 2008-2011-ci illərdə İtaliyanın baş naziri olub.*
Xəbərlər şöbəsi