Azərbaycanda kibertəhlükəsizlik göstəricisi bank sektoru üzrə 2,14 təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) informasiya və kibertəhlükəsizlik şöbəsinin müdiri Elvin Şahverdiyev bəyan edib.
“Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə AMB tərəfindən sorğular keçirilib, onların əsasında orta göstəricilər müəyyən edilib. Əsas meyarlar kibertəhlükəsizlik sisteminin tələbləri, həmçinin məxfilik məsələləri olub: ilkin qiymətləndirmə üzrə kibertəhlükəsizlik göstəricisi bank sektoru üzrə 2,14 təşkil edib”, - Şahverdiyev çərşənbə günü Fintex sammitində deyib.
O, həmçinin qeyd edib ki, kibertəhlükəsizlik göstəricisi sığorta sektoru üzrə 1,85, ödəniş bazarı üzrə - 2,85, maliyyə sektoru üzrə - 2,28-ə bərabərdir.
Şahverdiyev vurğulayıb ki, AMB “Maliyyə bazarlarında kibertəhulükəsizlik Strategiyası”na uyğun olaraq 2026-cı ilədək bu əmsalın artırılmasına yönəlib. Bu müddət başa çatdıqdan sonra yenidən sorğu keçiriləcək və nəticədə bütün maliyyə institutlarının göstəricilərinin 3-dək artımı gözlənilir.
Bundan əlavə, o qeyd edib ki, AMB maliyyə sektorunda kompüter insidentlərinə reaksiya (CERT) üzrə sahəvi kompyuter komandalarının formalaşması üzərində işləyir.
“AMB-nin ötən ay qəbul etdiyi “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nda qeyd olunan tələblər görülməsi zəruri olan, əksəriyyəti strateji hədəflər olan tədbirləri nəzərdə tutur”, - Şahverdiyev deyib.
Onun sözlərinə görə, 2023-2024-cü illərin hədəflərindən biri maliyyə yetkinliyi səviyyəsinin qiymətləndirilməsi, 2023-2026-cı illərdə - maliyyə bazarları üzrə CERT-in formalaşmasıdır.
O əlavə edib ki, AMB bu məsələdə Türkiyə, Qazaxıstan, Sinqapur, İngiltərə və Fransanın təcrübələrini öyrənir və onlardan istifadə etmək istəyir. Eyni zamanda, AMB beynəlxalq ekspertlərlə fəaliyyətdədir.
“Biz, o cümlədən Beynəlxalq Valyuta Fondunun kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən ekspertləri ilə sıx əlaqədəyik”, - Şahverdiyev vurğulayıb. **
X.Nəsirzadə