2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin sayı 16 min 376 nəfər və ya 0,2% artaraq 2023-cü il mayın 1-nə 10 milyon 143,521 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvar-aprel aylarında ölkə üzrə 37 min 159 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 7,2% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,2%, qızların xüsusi çəkisi isə 46,8% olub. Körpələrin 1,122-si əkiz, 63-ü üçəmdir.
Bu dövrdə 21 min 205 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,4 (2022-ci ilin yanvar-aprel aylarında 7,2 - İF) təşkil edib.
Cari ilin yanvar-mart aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 15,065 min nikah (2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə azalma 18,6%) və 6,92 min boşanma halı (artım 37,2%) qeydə alınıb. **
X.Nəsirzadə