Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin məruzəçiləri Yan Liddell-Qreynger və Liz Kristoffersen sülh sazişi istiqamətində Bakı və İrəvanın irəliləyişini alqışlayıblar və tərəfləri danışıqları intensivləşdirməyə çağırıblar.
«Biz Azərbaycan və Ermənistanın sülh sazişi istiqamətində əldə etdikləri son irəliləyişi alqışlayırıq və hər iki ölkə hökumətlərini ikitərəfli danışıqları aktivləşdirməyə çağırırıq», - məruzəçilərin iyunun 3-7-də Azərbaycana səfərlərinin yekunlarına dair bəyanatında deyilir.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, Liddell-Qreynger və Kristoffersen həmçinin Bakının Qarabağda ərazilərin minatəmizlənməsi və dağıdılmış infrastrukturun bərpası üzrə səylərini alqışlayır.
Laçın yolundakı vəziyyətə toxunan məruzəçilər öncəki bəyanatlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin (AIHM) 2022-ci il 21 dekabr tarixli qərarına və BMT Beynəlxalq Məhkəməsinin 2023-cü il 22 fevral tarixli qərarına uyğun olaraq hərəkət azadlığının təmin edilməsinə çağırıblar.
O cümlədən, Liddell-Qreynger və Kristoffersen «Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin 2025-ci ilin noyabrından gec olmayaraq ərazini (Azərbaycanın Qarabağ regionunu) tərk edəcəklərinə» ümid etdiklərini bildiriblər. **
R.Kərimov