Bakı və İslamabad arasında ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı qarşılıqlı tam anlaşma var. Bunu Prezident İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata bəyanatında deyib.
“Bu gün biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir”, - deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, Bakı və İslamabad bütün beynəlxalq təşkilatlarda dəstək və həmrəylik nümayiş etdirir. “Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”, - deyə Əliyev vurğulayıb.*
R.Əhmədov