İslamabad Bakı ilə enerji, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
“Biz bu gün çox səmərəli danışıqlar apardıq. Bizim ikitərəfli danışıqlarımızda da bütün məsələlər üzrə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür. Münasibətlərimiz çox güclüdür. Amma təəssüflər olsun ki, bu gün bizim ticarətimiz və sərmayə yatırımlarımız həmin o münasibətlər səviyyəsində deyil. Qarşılıqlı əməkdaşlıq sahəsində daha çox işlər görə bilərik”, - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, tullantıların emalı sahəsində Pakistanın Azərbaycanın təcrübəsinə ehtiyacı var.
Şərif Pakistanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu xüsusilə qeyd edib.
“Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Bizim, əlbəttə, bu sahədə sıxıntımız var. Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Biz müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var. Bu sahədə potensialımız 10 min meqavata bərabərdir. Azərbaycanı belə layihələrdə iştirak etməyə dəvət edirəm. Biz də hər cür dəstək göstərməyə hazırıq”, - deyə o vurğulayıb.
Şərif əlavə edib ki, Pakistan Azərbaycana düyü ixrac edən ölkədir və “biz ixrac həcminin artırılması üzərində işləyirik”.
“Eyni zamanda, biz turizm sahəsini də inkişaf etdirmək istəyirik, o cümlədən qarşılıqlı aviareyslərin sayının artacağına ümid edirik. Biz Azərbaycanın Nəqliyyat Nazirliyinin nümayəndə heyətini gözləyirik ki, bu məsələləri müzakirə edək”, - deyə baş nazir qeyd edib.*
R.Əhmədov