Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Ticarət Nazirliyi arasında ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Sənəd iyunun 15-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov və Pakistandakı səfirimiz Xəzər Fərhadovun Bakıda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı imzalanıb.
Görüşdə vurğulanıb ki, iki dost və qardaş ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Söhbət zamanı Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sənəd iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələlərini əhatə edir.*
V.Əliyev