Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanla Ermənistan arasında sülh danışıqlarından məmnunluğunu bildirib və hesab edir ki, bu, gələcəkdə İslamabad və İrəvan arasında diplomatik münasibətlər qurmağa imkan verəcək.
“Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”, - deyə o, iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Şərif vurğulayıb ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. “Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik”, - deyə Pakistanın Baş naziri əlavə edib.*
R.Əhmədov