Azərbaycan Müdafiə Nazirliyi cümə gününə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən iki dövlətin sərhədində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat verib.
“İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində (Azərbaycan-Ermənistan sərhədində - İF) yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
Nazirlikdən əlavə olunub ki, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki (Qarabağ regionu - İF) qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
MN-dən məlumat verilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə “adekvat cavab tədbirləri”görülüb. **
R.Kərimov