Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistandan sərhəddə hərbi təxribatlardan əl çəkməyi, sülh danışıqlarına və bölgədə kommunikasiyaların açılması məsələsinə konstruktiv yanaşmağı tələb edir.
“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın guya sərhədboyu ərazilərdə təxribat törətdiyi barədə növbəti dəfə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik. Bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir”, - Azərbaycan XİN-in Ermənistanın baş nazirinin 16 iyun tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.
XİN-dən vurğulanır ki, “Laçın” sərhəd buraxılış məntəqəsindən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur.
“15 iyun tarixində Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir”, - XİN-dən bildirilir.
XİN, o cümlədən Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmağı, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edir.**
R.Əhmədov