Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ayxan Hacızadə bəyan edib ki, Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın 16 iyun tarixli Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanatı bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir.Bu barədə XİN-dən məlumat verilir.
“Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq təsis etdiyi Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən hər iki istiqamətə yüzlərlə erməni sakininin tənzimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkətini təmin edib. Bu səylərə baxmayaraq, 15 iyun tarixində məhz Ermənistan tərəfindən sərhəd keçid məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb”, - Hacızadə deyib.
Bəyanatda vurğulanır ki, Azərbaycan bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmindədir.
“Qeyd edilənlər nəzərə alınmaqla, Fransa tərəfini bir daha bu kimi mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamağa çağırırıq”, - XİN-in məlumatında qeyd olunur. **
V.Əliyev