2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 90 milyon 934,9 min ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 76,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 23,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 7 milyon 586,4 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,8% çoxdur.
Dəniz nəqliyyatı ilə 3 milyon 575,8 min ton (artım 25,3%), avtomobil nəqliyyatı ilə 50 milyon 508,3 min ton (artım 5%), hava nəqliyyatı ilə 117,5 min ton (azalma 45,2%) müxtəlif yük daşınıb. Yanvar-may aylarında daxili neft kəmərləri vasitəsilə 16 milyon 261,3 min ton neft (artım 10,1%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov