“Qazprombank” Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 21-də keçiriləcək iclasın yekunlarına əsasən təkrar maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 9,25%-ə çatdıracağını, bundan sonra ilin sonuna qədər monetar şəraitin sərtləşdirilməsində pauza götürəcəyini gözləyir. “Qazprombank”ın Bazar konyunkturasının təhlili departamentinin rəis müavini Gülnarə Xaydarşina belə hesab edir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Xaydarşina AMB tərəfindən bu cür qərarın qəbul edilməsinin lehinə 4 arqument gətirir: 1) təkrar maliyyələşdirmə dərəcəsini hələ də üstələyən inflyasiyanın davamlı yavaşlaması; 2) əhalinin əmanətlərinin dollarlaşmasının sabit, lakin hələ də yüksək səviyyəsi; 3) stimullaşdırıcı fiskal siyasət fonunda pul kütləsinin artımı; 4) daxili tələbatın genişlənməsi.
Xaydarşina vurğulayır ki, may ayında Azərbaycanda orta illik inflyasiya 11,5%-ə qədər azalaraq aprel ayı ilə müqayisədə 1,3 faiz bəndi azalıb. İnflyasiyanın azalması bütün seqmentlərdə - ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə müşahidə olunub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, əhalinin xarici valyutada əmanətlərinin xüsusi çəkisi 2022-ci ilin sonundakı 39,2%-dən 2023-cü ilin aprelində 37,2%-ə düşüb ki, bu da pandemiyanın başlanğıcından bəri yeni minimumdur. “Azərbaycanda mövcud monetar şərait əmanətlərin dollarlaşmasının sabit olaraq 40%-dən aşağı səviyyədə olmasını təmin edir”, - deyə “Qazprombank”ın nümayəndəsi bildirib.
AMB ardıcıl olaraq beş iclasda, sonuncu dəfə isə 2023-cü il mayın 3-də uçot dərəcəsinin 25 baza bəndi artırılması ilə bağlı qərar qəbul edib.*
A.Əzizov